Главная > siyaset > Keçmişimizi heç vaxt unutmamalıyıq
Keçmişimizi heç vaxt unutmamalıyıq25-08-2025, 16:14. Разместил: vasif |
![]() Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Kəlbəcər şəhərinə səfər etmiş, burada bir sıra obyektlərin təməlqoymasında və açılışında iştirak etmişlər. Açılışı olunan obyektlər arasında 1-ci yaşayış kompleksinin açılışı xüsusi diqqət çəkmişdir. Kəlbəcərin yenidən qurulması və müasir infrastrukturla təmin edilməsi istiqamətində aparılan genişmiqyaslı işlərin nəticəsi olaraq istifadəyə verilən bu yaşayış kompleksi şəhərə qayıdan sakinlərin layiqli həyat şəraitinin təmin olunması və rahat məskunlaşması üçün inşa edilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva buraya köçürülən sakinlərlə görüşərək onların qayğıları, təəssüratları və gələcək planları ilə maraqlanıblar. Görüşdə çıxış edən dövlətimizin başçısı bildirib ki, Kəlbəcər şəhəri bu gün dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Doğrudan da, Kəlbəcər öz gözəlliyi ilə hər kəsi valeh edir. Zəngin meşələri, geniş yaylaqları, saf bulaqları, mineral suları və dağların qoynunda yerləşən ecazkar təbiəti bu diyarı həm turizm, həm də sağlam həyat üçün unikal məkana çevirir. Təəssüf ki, uzun illər davam edən işğal dövründə qədim şəhərimiz ciddi dağıntılara və vandalizmə məruz qalıb. Hətta 44 günlük Vətən müharibəsindən sonra belə, vasitəçilərin xahişi ilə orada yaşayan erməni əhaliyə öz əşyalarını götürmək üçün verilən məhdud zaman kəsiyində onlar yenidən vəhşilik törədərək şəhəri dağıtmağa, yandırmağa cəsarət etmişlər. Bu necə bir nifrət, necə bir barbarlıqdır?! Halbuki Azərbaycan xalqı onlara hər zaman dəstək göstərmiş, çətin vaxtlarında yardım etmişdir. Sovet dövründə birgə sülh və əmin-amanlıq şəraitində yaşamış bir xalqın bu cür hərəkətlərə yol verməsi keçmişi də sual altında qoyur. Bu fakt bir daha sübut edir ki, onlara heç vaxt güvənmək olmaz. Doğrudur, bu gün biz sülh yolunda irəliləyirik, artıq sülh sazişinin mətni paraflanıb və bu, geriyə dönüşün olmadığını göstərir. Üstəlik, sülh təşəbbüsünün müəllifi də məhz Azərbaycandır. Lakin bütün hallarda biz keçmişi unuda bilmərik və onlara etimad göstərmək olmaz. Dövlət başçımızın da qeyd etdiyi kimi, biz keçmişimizi heç vaxt unutmamalıyıq və ayıq olmalıyıq. Çünki sülhü onlar istəməyiblər, sadəcə Azərbaycanın gücü, sarsılmaz iradəsi, dönməz qətiyyəti və “dəmir yumruğ”u onları buna məcbur edib. Bundan sonra da əgər kimsə dövlətimiz üçün təhlükə yaratmağa cəhd edərsə, Azərbaycanın “dəmir yumruğ”unu bir daha görəcək. Bu gün ölkəmiz istər siyasi, istər diplomatik, istərsə də hərbi baxımdan əvvəlkindən daha güclüdür. Qazanılan tarixi qələbə, torpaqlarımızın işğaldan azad olunması və hazırda həyata keçirilən genişmiqyaslı quruculuq işləri xalqımızın əzmkar iradəsinin təntənəsidir. Azərbaycan artıq regionda və dünyada hər kəsin hesablaşdığı, müasir dövrün reallıqlarını formalaşdıran aparıcı gücdür. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və abadlıq işləri yalnız şəhərlərin yenidən qurulması deyil, həm də dövlətimizin gücünün, xalqımızın birliyinin və əzminin bariz nümunəsidir. Kəlbəcərin qısa zamanda belə dirçəlməsi isə bütün dünyaya bir daha göstərir ki, Azərbaycan qalib dövlətdir və bu qalibiyyət əbədidir. Bəli, bu gün biz həm sülhün, həm də inkişafın təminatçısıyıq. Lakin eyni zamanda ayıq-sayıq olmalı, tariximizi unutmamalıyıq. Çünki gücümüzün arxasında həm qəhrəman şəhidlərimizin qanı, həm də xalqımızın sınmaz iradəsi dayanır. Azərbaycan bu gücü ilə gələcəyə daha inamla addımlayır, xalqımız doğma yurduna qayıdır, torpaqlarımızda həyat yenidən çiçəklənir. Вернуться назад |