Главная > --- > Qalib Xalqın Müzəffər Ordusu: 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü

Qalib Xalqın Müzəffər Ordusu: 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü


Сегодня, 12:20. Разместил: vasya
Qalib Xalqın Müzəffər Ordusu: 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü


Hər bir müstəqil dövlətin ordusu onun suverenliyinin, ərazi bütövlüyünün və varlığının ən böyük təminatçısıdır. Ulu Öndər Heydər Əliyevin ifadə etdiyi kimi: “Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir”.
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü, xalqımızın öz dövlətçilik tarixinə və hərbi ənənələrinə sahib çıxdığı şərəfli bir təqvimdir. Bu gün müasir Azərbaycan Ordusu təkcə sərhədlərimizi qoruyan hərbi qüvvə deyil, həm də döyüş meydanında tarixi ədaləti bərpa edən, xalqımızın başını uca edən bir güc simvoludur.
Azərbaycan Silahlı Qüvvələrinin tarixi 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə ilk müntəzəm hərbi hissənin – Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə başlayır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu tarixi varisliyi yüksək qiymətləndirərək qeyd etmişdir: “1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik”.
Sovet dönəmində azərbaycanlıların hərbi sahədən uzaqlaşdırılması siyasətinə baxmayaraq, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması gələcək müstəqil Azərbaycan Ordusu üçün milli zabit kadrlarının yetişdirilməsində fundamental rol oynadı.
Məhz Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə 26 iyun tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi və bu tarix ölkəmizdə hər il rəsmi dövlət bayramı kimi təntənə ilə qeyd olunmağa başlandı. Ulu Öndər hər zaman bəyan edirdi ki, bizim ordu quruculuğumuz işğalçılıq məqsədi daşımır: “Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək... istəyirik. Yox. Biz sülhsevər dövlətik... Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik”.
Azərbaycan öz hərbi qüdrətini beynəlxalq əməkdaşlıq müstəvisində də inkişaf etdirir. Xüsusilə qardaş Türkiyə Respublikası ilə imzalanmış tarixi Şuşa Bəyannaməsinin önəmli maddələri bu əməkdaşlığı müttəfiqlik səviyyəsinə qaldırmışdır: “Tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər”.
Ordunun gücü tək texnika ilə deyil, həm də onun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığı və vətənpərvərlik ruhu ilə ölçülür. Ulu Öndər hələ 1996-cı ildə vurğulayırdı:“Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir”.
Vətən müharibəsində və antiterror əməliyyatlarında göstərilən qəhrəmanlıqlar Azərbaycan əsgərinin vətənpərvərlik ruhunun nə qədər yüksək olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu ruhun gələcək nəsillərə ötürülməsi, qazanılan qələbələrin əbədiləşdirilməsi məqsədilə ölkəmizdə Zəfər muzeyləri yaradılmışdır.
Məktəb və müəllim kollektivi gənc nəslin vətənə sadiq böyüməsində həlledici rol oynayır. Heydər Əliyevin dediyi kimi: “Gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik”.
Bu gün Azərbaycan xalqı Silahlı Qüvvələr Gününü tamamilə fərqli bir qürurla qeyd edir. Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuz 30 illik işğala son qoyaraq tarixi ədaləti döyüş meydanında təmin etdi: “Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdir... Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik”.
Azərbaycan Ordusu bu gün dünyanın ən güclü orduları sırasındadır və müstəqilliyimizin əbədi keşikçisidir. 26 İyun Silahlı Qüvvələr Günü bütün xalqımıza, əsgər və zabitlərimizə mübarək olsun!

Sabunçu qəsəbəsi, 215 saylı tam orta ümumtəhsil məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Yusibova Kəmalə
Вернуться назад