» » Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir

Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir

  • 6-03-2023, 00:35
  • siyaset
  • 1 523 718
Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi ədaləti və  beynəlxalq hüququ müdafiə etməkdir




Azərbaycanın son illər dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı mühüm tərəfdaş, etibarlı ölkə kimi qəbul edirlər. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Belə beynəlxalq qurumlardan biri də Qoşulmama Hərəkatı Təşkilatıdır.
Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir. Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv qəbul olunmuşdur. Qoşulmama Hərəkatında olduğu qısa müddət ərzində ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazanmışdır. Fəaliyyətin ilk günlərindən Azərbaycan Qoşulmama Hərəkatının bütün təşəbbüslərinə çox fəal cəlb olunmuşdur. Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsinin də əsas səbəbi bu idi. 120 ölkənin bu möhtəşəm yekdil dəstəyi 2016-cı ildə nümayiş etdirilmişdi. 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısı təşkil olundu və 2019-2022-ci ilə qədər sədrlik vəzifəsi müvəffəqiyyətlə Ölkəmizə həvalə edildi.
Azərbaycan Respublikası ötən müddət ərzində QH-nin fəaliyyət göstərdiyi BMT qərargahlarında, eləcə də digər beynəlxalq tədbirlərdə Hərəkat üzvləri adından yüzlərlə bəyanat səsləndirib. Onlarla qətnamə layihələri və digər təşəbbüslər irəli sürüb, səfirlər və digər səviyyələrdə əlaqələndirmə görüşləri təşkil edib. Qoşulmama Hərəkatında sədrlik COVID-19 ilə üst-üstə düşdü və Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə öz rolunu fəal oynayan ölkələrdən biri oldu. Olunan səylər təkcə həmrəyliyin gücləndirilməsi və dəstəyin təmin edilməsinə yönəlməmişdir. Eyni zamanda, ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı ölkəmizin məlumat bazasından istifadə etməyə başlamış Ümumdünya Səhiyyə Təşkilatı üçün də faydalı oldu.
Əminliklə deyə bilərik ki, sədrlik müddətində ölkəmiz Hərəkatın təsisatlanması istiqamətində də mühüm addımlar atıb. Hərəkatın vahid loqo və bayrağının təsdiq edilməsi ilə bağlı proses başlatmaqla yanaşı, məhz ölkə başçısının təşəbbüsləri əsasında və Hərəkata üzv dövlətlərin dəstəyi ilə 2021-ci ilin 4-5 oktyabr tarixlərində QH-nin Gənclər Şəbəkəsinin, 2021-ci ilin 28 noyabr tarixində isə QH Parlament Şəbəkəsinin (QHPŞ) əsası qoyulub. Azərbaycan 2022-ci ilin 30 iyun -1 iyul tarixlərində QHPŞ-nin Bakı Konfransına, 2022-ci ilin 25-29 iyul tarixlərində isə QH-nin Gənclər Sammitinə ev sahibliyi edib. Həmin tədbirlərin yekunu olaraq QHPŞ və QH-nin Gənclər Təşkilatının fəaliyyət modallıqlarını tənzimləyən sənədlərin, eləcə də bu qurumların loqo və bayraqlarının qəbul edilməsi, həmçinin QH-nin internet səhifəsinin (www.namazerbaijan.com) istifadəyə verilməsi Hərəkatın təsisatlanması istiqamətində əldə edilmiş mühüm nailiyyətlərdəndir.
Sədrlik müddətində 2021-ci ilin 11-12 oktyabr tarixlərində Serbiyanın Belqrad şəhərində QH-nin təsis edilməsinin 60-cı ildönümü münasibətilə yüksək səviyyəli yubiley tədbiri, Bakı şəhərində “QH-nin təkamülündə Afrika irsi” mövzusunda konfrans, eləcə də QH tarixində ilk dəfə QH ölkələrindən gənclərin iştirakı ilə QH Modeli Simulyasiya Təlimləri təşkil edilib. Ölkə başçısının müvafiq Sərəncamı əsasında hər il onlarla QH gəncinə Azərbaycanda təqaüdlə təhsil almaq imkanları yaradılıb.
Qoşulmama Hərəkatına üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırdı. Məhz genişmiqyaslı uğurlu beynəlxalq fəaliyyəti sayəsində ölkəmizin keçmiş Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Hərəkatın sənədlərində dəstəklənib. Qoşulmama Hərəkatının Azərbaycana siyasi dəstəyinin bariz nümunəsi olaraq isə Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olmasını göstərmək olar. Həmçinin 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş qərəzli təşəbbüslərin qarşısı Hərəkata üzv dövlətlər tərəfindən alındı.
Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı və hazırda azad edilmiş əraziləri öz gücü hesabına bərpa edir. Bütün bunların böyük vaxt, enerji, maliyyə və insan resursları almasına baxmayaraq Azərbaycan yalnız öz daxili məsələləri ilə kifayətlənmir, pandemiya zamanı olduğu kimi postpandemiya dönəmində də qlobal məsələlərə çevik reaksiya verir. Müxtəlif təşəbbüslərlə çıxış edir və liderliyini davam etdirir. Qoşulmama Hərəkatı ölkələrinin Azərbaycana tam etimadının nəticəsində üzv 120 ölkələrin yekdil rəyinə əsasən, ölkəmizin təşkilata sədrliyi daha bir il, yəni 2023-cü ilin sonuna kimi uzadılıb. Bu, bir daha onu göstərir ki, Azərbaycan təşkilatın fəaliyyətinə mühüm töhfələr verir. Beləliklə, deyə bilərik ki, Azərbaycanın növbəti dəfə qlobal məsələlərin müzakirə olunduğı mühüm bir hərəkata sədrlik etməsi, eyni zamanda, ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin göstəricisidir.



Ülviyyə Ağalarova,
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı
Oxşar xəbərlər
«    Декабрь 2024    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Texnologiya