Bizimhedef.az » siyaset » Rəsmi İrəvanın Cinayətləri

Rəsmi İrəvanın Cinayətləri

Rəsmi İrəvanın Cinayətləri


Rəsmi İrəvanın uzun illər ərzində dövlət siyasəti səviyyəsində həyata keçirdiyi işğalçılıq siyasəti beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, Azərbaycan xalqına qarşı ağır cinayətlərin törədilməsinə səbəb olmuşdur. Xüsusilə Laçın rayonu və digər işğal olunmuş ərazilərdə mülki əhalinin zorla deportasiyası, yaşayış məntəqələrinin yerlə-yeksan edilməsi, meşələrin qırılması, su ehtiyatlarının məhv edilməsi və genişmiqyaslı ekoloji fəlakətlərin törədilməsi dünya ictimaiyyətinin diqqətinə çatdırılması vacib olan faktlardır. Bununla yanaşı, Azərbaycan xalqının əsrlərlə yaratdığı tarixi-mədəni irs məhv edilmiş, qəbiristanlıqlar dağıdılmış, məscidlər təhqir olunmuşdur.
Bu əməllər beynəlxalq hüquqi sənədlərin, xüsusilə 1949-cu il Cenevrə Konvensiyalarının və Haaqa Konvensiyalarının kobud şəkildə pozulması deməkdir. Rəsmi İrəvanın həyata keçirdiyi bu siyasət, mahiyyət etibarilə, müharibə cinayətləri və insanlığa qarşı cinayətlər kateqoriyasına daxil olur. Azərbaycan dövləti bütün bu faktların beynəlxalq tribunalarda və beynəlxalq təşkilatlar müstəvisində ifşa olunmasını özünün mühüm strateji prioritetlərindən biri elan etmişdir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi Zəfər nəticəsində Laçın da daxil olmaqla bütün ərazilərimiz işğaldan azad edildi. Dövlət başçısının “Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” bəyanatı, əslində, işğaldan azad olunmuş ərazilərin inkişaf konsepsiyasının ideoloji təməlini təşkil edir. Bu bəyanat həm siyasi iradənin, həm də xalqın qələbədən sonrakı quruculuq əzminin bariz göstəricisidir.
Artıq bu gün Laçında aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri dövlətin güclü iradəsini və xalqın doğma torpaqlarına qayıdış arzusunun gerçəyə çevrildiyini sübut edir. Şəhərin yeni siması müasir şəhərsalma konsepsiyası əsasında formalaşdırılır, infrastruktur layihələri həyata keçirilir, ekoloji tarazlıq bərpa olunur. Ən əsası isə, Laçına geri qayıdan sakinlər üçün rahat yaşayış şəraiti yaradılır, bölgədə sosial və iqtisadi həyat canlanır.
26 avqust – Laçın şəhəri günü, yalnız bir şəhərin işğaldan azad edilməsinin ildönümü deyil, həm də Azərbaycanın dövlətçilik tarixində ədalətin zəfəri, xalqın milli iradəsinin və möhtərəm Prezident İlham Əliyevin müdrik siyasətinin təntənəsi kimi əlamətdar hadisədir. Bu gün, həmçinin, Azərbaycanın gələcəyə doğru inamla irəlilədiyinin, işğalın ağır nəticələrini geridə qoyaraq yeni həyat qurduğunun rəmzidir.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya