Son vaxtlar Avropa İttifaqı-Azərbaycan əlaqələrində də müsbətə doğru addımlar atılır
- 3-10-2025, 13:30
- siyaset
- 70
Bu sözləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri zamanı sentyabrın 30-da mətbuata verdiyi bəyanatda deyib.
Dövlətimizin başçısı vurğulayıb ki, İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək vermişdir, bu gün də biz bunu hiss edirik və son vaxtlar Avropa İttifaqı-Azərbaycan əlaqələrində də müsbətə doğru addımlar atılır:
“Bu da bizi təbii olaraq məmnun edir. Bir sözlə, bizim strateji tərəfdaşlığımız həm rəsmi sənədlərdə, həm həyatda, praktik işlərdə özünü büruzə verir. Hesab edirəm ki, bir-birindən uzaqda yerləşən ölkələr arasındakı münasibətlərin qurulması bizim timsalımızda bir örnək ola bilər”.
Qeyd edək ki, bir müddət əvvəl pisləşən Avropa İttifaqı-Azərbaycan münasibətləri son zamanlarda normallaşıb. Sözügedən qurumla münasibətlərimizdə artıq inkişaf dinamikası özünü göstərir.
“Ölkəmiz 2009-cu ildən Avropa İttifaqı ilə “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. Ümumiyyətlə, Azərbaycan bir çox təşəbbüslərlə Avropa İttifaqı ilə tərəfdaşlıqda maraqlıdır. Bu, həm regional siyasət kontekstində, həm də enerji və digər təşəbbüslərin irəli sürülməsində, inkişaf etməsində həmişə tamamlayıcı rol oynayıb. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət, o cümlədən həm də ən böyük ixrac tərəfdaşıdır. İdxal tərəfdaşları sırasında isə Avropa İttifaqı ikinci yerdə dayanır”.
“Buraya iqtisadi inkişaf və bazar imkanları, enerji bağlantıları, enerji səmərəliliyi, alternativ enerji, ətraf mühit və iqlim fəaliyyəti daxildir. Eyni zamanda, həm siyasi, həm iqtisadi, həm də humanitar əlaqələri qeyd etmək lazımdır.
Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmiz Avropa İttifaqı ilə münasibətlərin inkişaf etdirilməsində maraqlıdır. Həmçinin, Avropa İttifaqı da Azərbaycanla bütün sahələrdə münasibətlərin inkişafında maraqlı görünür”.
“Bu, bir neçə məqamda tamamilə üzə çıxdı. Əsasən də ölkəmizin Vətən müharibəsindəki tarixi qələbəsindən və suverenliyini tam bərpa etməsindən sonra bu məsələlərdə, əsasən də Avropa Parlamenti, o cümlədən Avropa Şurası Parlament Assambleyası (AŞPA) açıq-aydın Ermənistan tərəfində göründü və qərəzli siyasət həyata keçirdi. Amma son zamanlarda Avropa İttifaqı, əsasən də təşkilata üzv olan bir neçə ölkə ikitərəfli olaraq Azərbaycanla münasibətlərini yüksək səviyyəyə qaldırılması üçün cəhdlər edirlər.
Xüsusilə İtaliya və Azərbaycan münasibətləri və İtaliya Prezidentinin ölkəmizə səfəri çərçivəsində verdiyi bəyanatlar çox böyük əhəmiyyətə malikdir. Ümumiyyətlə, Azərbaycanın Avropa İttifaqının bir neçə ölkəsi ilə ikitərəfli, yüksək səviyyəli münasibətlər sərgiləməsi dediklərimizə bariz nümunədir”.
“Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri çərçivəsində alternativ enerji ilə bağlı müqavilənin imzalanması da onu deməyə əsas verir ki, bu ittifaq Azərbaycanla ən yüksək səviyyədə münasibətlərdə maraqlıdır.
Bu gün dünyada baş verən çaxnaşmalar, siyasi kataklizmlər, Rusiya-Ukrayna müharibəsi fonunda Avropa İttifaqının düşdüyü çətinliklər bir daha göstərir ki, Avropa İttifaqı artıq yürüdüyü siyasətə yenidən baxır. Sözün əsl mənasında Azərbaycanı özünə vazkeçilməz partnyor sayır. Bu isə təbii ki, ölkə başçımız cənab İlham Əliyevin yürütdüyü çox ağıllı, dinamik, qətiyyətli xarici siyasətə əsaslanır”.






























