Zatulindən axmaq açıqlama: Osmanlıya və Azərbaycana qarşı “soyqırım” ittihamı
- Сегодня, 09:00
- hadise
- 43
Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin 24 aprel münasibətilə çıxışında yenidən erməni soyqırımı iddialarını gündəmə gətirib və hadisələri açıq şəkildə birtərəfli təqdim edib.
O, bəyanatında yazır:
“Bu gün, 24 aprel tarixində Ermənistan, Rusiya və bütün sivil dünya XX əsrin əvvəllərində Osmanlı imperiyasında ermənilərin soyqırımı qurbanlarının xatirəsini yad edir. Qeyri-sivil dünya isə bunu bilmək istəmir. Yalnız belə yanaşma ilə, məsələn, 2023-cü ildə "Azərbaycan tərəfindən ələ keçirilmiş Dağlıq Qarabağdan bütün erməni əhalisinin kütləvi çıxışını qeyd etmək mümkündür.
Maraqlıdır ki, erməni soyqırımını tanımayan ölkələr sırasında yalnız Türkiyə və ya Azərbaycan deyil, həm də İsrail var. Deməli, Holokostu yaşamış yəhudilər başqaları ilə hisslərini bölüşmək və digər xalqlara rəhm etmək istəmirlər. Və biz bu gün bunun hansı cinayətlərə gətirib çıxardığını öz gözlərimizlə görürük – yəhudi dövləti tərəfindən.
Biz Rusiyada 1995-ci ildə 24 aprel tarixini matəm və xatirə günü kimi qəbul etmək barədə qərar vermişik. Yadda saxlamaq vacibdir ki, yüz ildən artıq əvvəl ermənilər Rusiyaya simpatiyada şübhəli bilinərək gənc türklər tərəfindən məhv edilirdi. Rusiyaya simpatiya, bugünkü nəsillərin utancı olaraq, bəzi ölkələrdə hələ də repressiyalar və təqiblər üçün əsas olaraq qalır.
Biz o həddə çatmışıq ki, bugünkü Ermənistanda hakimiyyət Rusiya ilə münasibətləri qırmaq yolunu seçib və buna qarşı çıxanları təqib edir. Təsadüfi deyil ki, İrəvandakı Memorial muzeydə xatirə şamının sönməsinə imkan verməyən şəxslər işdən uzaqlaşdırılır. Bizim şərəf işimiz buna yol verməməkdir”.
Zatulin bu çıxışında Osmanlı dövrü hadisələrini “soyqırım” kimi təqdim edir və Azərbaycanı da bu kontekstdə ittiham edir. Lakin o, tarixi proseslərin digər mühüm tərəfini – xüsusilə Çar Rusiyasının həmin dövrdə oynadığı rolu – ümumiyyətlə qeyd etmir.
Birinci Dünya Müharibəsi dövründə erməni silahlı dəstələrinin Osmanlıya qarşı fəaliyyətinin arxasında duran əsas qüvvələrdən biri məhz Çar Rusiyası olub.
Bu prosesə Qafqaz canişini İllarion Vorontsov-Daşkov rəhbərlik edib. Qafqaz cəbhəsində rus qoşunlarına komandanlıq edən Nikolay Yudeniç isə bu dəstələri birbaşa döyüş əməliyyatlarına cəlb edib.
Rusiya imperiyası erməni silahlı birliklərini formalaşdırıb, onları silah və sursatla təmin edib, hərbi hazırlıqdan keçirib və Osmanlı ərazisində əməliyyatlara cəlb edib. Ümumilikdə 10–20 min arası silahlı döyüşçü bu sistem daxilində fəaliyyət göstərib və onların fəaliyyəti Rusiya hərbi komandanlığının nəzarəti altında olub.
Bu siyasət sonrakı dövrlərdə də müxtəlif formalarda davam edib. SSRİ dövründə regionda qarşıdurma xətti saxlanılıb, Türkiyəyə qarşı nifrət siyasəti davam etdirilib. PKK kimi terror təşkilatının meydana çıxması da bu geosiyasi mühitlə əlaqələndirilir; təşkilatın formalaşması və fəaliyyətində SSRİ-nin təsiri olub, həmçinin onun Türkiyəyə qarşı silahlı mübarizəsində maliyyə dəstəyi göstərilib.
Daha yaxın tarixdə isə Qarabağ münaqişəsi zamanı Rusiyaya tabe olan 366-cı motoatıcı alayın Xocalı soyqırımında iştirakı danılmaz faktdır.
Beləliklə, Zatulin çıxışında bu məqamları tamamilə görməzdən gəlir və hadisələrə yalnız bir tərəfin prizmasından yanaşır.musavat.com





























