Göydəniz Qəhrəmanov: "Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi"

“Müstəqil dövlətin ən mühüm atributlarından biri onun Silahlı Qüvvələridir. Tarix göstərir ki, etibarlı müdafiə sistemi olmadan dövlət müstəqilliyini qorumaq, milli maraqları təmin etmək və təhlükəsiz inkişaf strategiyasını həyata keçirmək mümkün deyil. Bu baxımdan Azərbaycan Ordusunun keçdiyi inkişaf yolu təkcə hərbi quruculuq tarixinin deyil, bütövlükdə dövlətçilik salnaməsinin mühüm hissəsidir. Bu inkişaf yolunun təməlində isə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti dayanır. Azərbaycanda milli hərbi kadr hazırlığının əsasları hələ sovet dövründə məhz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə formalaşdırılıb. 1969-cu ildə hakimiyyətə gəldikdən sonra Ümummilli Lider ölkənin gələcək taleyi baxımından hərbi sahəyə xüsusi diqqət ayırdı. Həmin dövrdə azərbaycanlıların hərbi təhsil müəssisələrində təmsilçiliyi məhdud idi. Bu vəziyyətin dəyişdirilməsi məqsədilə sistemli addımlar atıldı və milli zabit korpusunun formalaşdırılması istiqamətində mühüm qərarlar qəbul edildi.”
Bu fikirlər millət vəkili Göydəniz Qəhrəmanovun mətbuata açıqlamasında yer alıb.
Deputat xüsusi olaraq vurğulayıb ki, bu sahədə ən mühüm hadisələrdən biri 1971-ci ildə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılması oldu: “Böyük zəhmət və siyasi iradə nəticəsində fəaliyyətə başlayan bu təhsil müəssisəsi sonrakı onilliklər ərzində minlərlə peşəkar hərbçinin yetişməsinə imkan açdı. Bununla yanaşı, azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə, Bakı Ali Hərbi Dənizçilik Məktəbinə və SSRİ-nin müxtəlif hərbi akademiyalarına qəbul imkanlarının genişləndirilməsi milli hərbi elitanın formalaşmasında mühüm rol oynadı. Sonrakı dövrdə Azərbaycanın müstəqil ordu quruculuğu məhz həmin kadr potensialına söykəndi. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ilk növbədə dövlətçiliyin xilası və nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atdı. Başlıca məqsəd vahid komandanlığa tabe olan peşəkar Silahlı Qüvvələrin yaradılması idi. Qısa müddətdə qeyri-qanuni silahlı dəstələr ləğv edildi, hərbi idarəetmə sistemi formalaşdırıldı və ordu quruculuğu dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi. Atəşkəsin əldə olunmasından sonra bu proses daha da sürətləndi. Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin hazırlığının yüksəldilməsi və döyüş ruhunun gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Ulu Öndərin “Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır” fikri məhz həmin dövrdə həyata keçirilən siyasətin ideoloji əsasını təşkil edirdi.”
Fikirlərini davam etdirən Göydəniz Qəhrəmanov qeyd edib ki, ordu quruculuğunun mühüm istiqamətlərindən biri də hərbi təhsil sisteminin inkişafı oldu: “1999-cu ildə Hərbi Akademiyanın yaradılması haqqında Fərmanın imzalanması milli hərbi kadr hazırlığında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Daha sonra Silahlı Qüvvələr üçün kadr hazırlığını həyata keçirən təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi peşəkar zabit korpusunun formalaşmasına əlavə təkan verdi. Azərbaycan Ordusunun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində də mühüm addımlar atıldı.
Millət vəkili qeyd etdi ki: Məhz Prezident İlham Əliyevin hakimiyyəti dövründə ordu quruculuğu məsələləri hər zaman diqqət mərkəzində olub. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı.
Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Bu siyasət Azərbaycanı güclü dövlətə, ordunu isə xalqın qürur mənbəyinə çevirmişdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində - noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi və Qarabağ həsrətinə son goydu– deyə, millət vəkili bildirdi.



































