İki ölkə arasında bərpaolunan enerji istehsalı istiqamətində əməkdaşlıq genişləndirilir
- 29-04-2025, 12:50
- siyaset
- 86

Prezident İlham Əliyev 2025-ci il aprelin 25-də Çinin CGTN (China Global Television Network) telekanalına verdiyi müsahibə zamanı iki ölkə arasında bərpa olunan enerji istehsalı sahəsində birgə əməkdaşlıq məsələsinə də toxunub. Dövlət başçısı qeyd edib ki, bu vaxtadək Çin şirkətləri investorlarla, Azərbaycanın yaşıl enerjisinə sərmayə yatıran şirkətlərlə podratçı qismində çalışırdılar. Hələ ki, bizim imzaladığımız və icra fazasında olan müqavilələr bizə 2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji verəcək. Sadəcə, müqayisə üçün deyim ki, Azərbaycanın ümumi quraşdırılmış gücü 8 min meqavat təşkil edir. Beləliklə, beş ildən sonra biz demək olar ki, elektrik enerjisinin bugünkü tutumunu iki dəfə artırmış olacağıq - 6 min meqavat Günəş və külək elektrik enerjisindən əldə olunacaq, 500 meqavat hidroelektrik stansiyalarından gələcək. Bu, bizim üçün həlledici olacaq. Çünki biz elektrik enerjisini istehsal etmək üçün əsasən təbii qazdan istifadə etməyi dayandıracağıq.
Biz elektrik enerjisini bərpaolunan enerji resurslarından əldə edəcəyik və təbii qazı beynəlxalq bazarlara ixrac edəcəyik və əlbəttə ki, çoxlu mənfəət əldə edəcəyik. Eyni zamanda, biz daxili ehtiyaclarımız üçün enerjiyə qənaət edəcəyik. Biz artıq küçələrdə hərəkət edən elektriklə işləyən 160 avtobus almışıq, əlavə 200 avtobusun alınması üçün podrat müqaviləsi bağlamışıq. Biz bu il Azərbaycanda ildə 500 avtobus istehsal etmək gücündə olan BYD-nin elektrik avtobuslarının birgə istehsalına başlayacağıq.






























