Xəzər dənizinin su ehtiyatının azalması problemi davam edir
- 29-09-2025, 12:45
- siyaset
- 88

2022-ci ildə Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Zirvə Görüşündə Xəzər dənizində ətraf mühitin pozulması məsələsini qaldırdım. Bu gün vəziyyət daha acınacaqlıdır. Xəzər dənizi sürətlə azalır. Əsas səbəb iqlim dəyişməsi deyil. Gözlənilməz nəticələri olan ekoloji faciəni dayandırmaq üçün Xəzəryanı dövlətlərin birgə səyləri zəruridir. Azərbaycan, həmçinin həmin problemin həlli üçün BMT ilə də sıx əməkdaşlığa hazırdır.
Xanımlar və cənablar, Azərbaycan qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur duyur. Biz təbii fəlakətlərdən, münaqişələrdən və səhiyyə sahəsində böhranlardan zərər çəkən ölkələrə yardım göstəririk. Azərbaycan COVID-19 pandemiyasına qarşı cavab tədbirləri istiqamətində 80-dən çox ölkəyə qoruyucu avadanlıqlar, tibbi cihazlar və vaksinlər ianə edib və maliyyələşdirib.
Azərbaycan yeni bir dövrə qədəm qoyub. Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq.
Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur.
Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır.


































