Azərbaycan güləşçilərinin Avropa zəfəri qalib xalqın idman ənənələrinin möhtəşəm təntənəsidir

Azərbaycan idmançılarının beynəlxalq arenalarda qazandığı hər bir qələbə müasir dövlətimizin qüdrətinin və milli birliyimizin parlaq göstəricisidir. Tiranada keçirilən Avropa çempionatında milli komandamızın həm yunan-Roma, həm də sərbəst güləş növündə komanda hesabında zirvəyə yüksəlməsi ölkə idman tarixinə növbəti tarixi hadisə kimi yazılmışdır. Bu möhtəşəm nailiyyət münasibətilə idmançıları qəbul edən cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan pəhləvanları öz peşəkarlıqlarını nümayiş etdirərək Avropada ən güclü olduqlarını bir daha əyani şəkildə sübut etdilər.
Ölkəmizdə güləş idman növü çox dərin tarixi köklərə və zəngin ənənələrə malikdir. Müasir Azərbaycan idmanının bugünkü yüksəliş strategiyasının əsası mütərəqqi dövlətçilik xətti ilə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Hazırda bu siyasi kursu böyük uğurla davam etdirən cənab Prezident İlham Əliyev tərəfindən idman və idmançılara göstərilən ali diqqət bu sahəni dövlət siyasətinin prioritet istiqamətinə çevirmişdir. Dövlət başçısının vurğuladığı kimi, nəsillər dəyişsə də, Azərbaycan idmanının sarsılmaz uğurları dəyişməz qalır. Xüsusilə sevindirici haldır ki, vaxtilə mötəbər arenalarda bayrağımızı ucaldan Olimpiya çempionlarımız bu gün federasiya rəhbərliyində və məşqçi korpusunda təmsil olunaraq öz zəngin təcrübələrini gənc nəslə ötürürlər.
İdman təkcə fiziki hazırlıq deyil, həm də gənc nəslin vətənpərvərlik və milli qürur ruhunda tərbiyə olunması üçün mühüm sosial amildir. Beynəlxalq yarışlarda dövlət rəmzlərimizin ucalması hər bir vətəndaşımızda sonsuz fəxarət hissi oyadır. Cənab Prezident İlham Əliyevin xüsusi qeyd etdiyi kimi, idmançılarımız təkcə mübarizə meydanında deyil, həm də cəmiyyətdə öz yüksək mənəvi keyfiyyətləri və ləyaqətli davranışları ilə nümunə olmağı bacarırlar. Avropa arenalarında bəzən qarşılaşdıqları qərəzli yanaşmalara və ədalətsizliklərə baxmayaraq, pəhləvanlarımız hər zaman dözümlülük və ləyaqət nümayiş etdirərək əsl qalib xalqın nümayəndəsi olduqlarını təsdiqləyirlər.
Dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, bölgələrdə fəaliyyət göstərən Olimpiya İdman kompleksləri seleksiya işinin düzgün qurulmasına və yeni istedadların yetişməsinə zəmin yaradır. Bu potensial təkcə kişilər arasında deyil, eyni zamanda qadın güləşi üzrə də perspektivli nəticələrin qazanılacağına tam əminlik yaradır. Qalib dövlətin qalib idmançıları bundan sonra da öz əzmkarlıqları ilə Azərbaycan xalqına yeni qələbə sevincləri bəxş etməyə davam edəcəklər.
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
müəllimi Rəmalə Ağayeva

































